Aztelekom
Yüklənir
AZ

Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək

2019-cu il 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi “Bakutel 2019” öz 25 illik yubileyini qeyd edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti  də sərgidə öz xidmətləri ilə təmsil olunur.

Milli rabitə operatoru olaraq nəhəng maddi texniki və xətt təsərrüfatı olan şəbəkəyə malik olan “Aztelekom” MMC bu üstünlüklərdən yararlanaraq yeni infrastruktur layihələri, genişzolaqlı internet  xidmətlərinin keyfiyyətinin və əhatə dairəsinin artırılması, rabitənin dayanıqlığının və regionlarda internetin hər kəs üçün əlçatanlılığının təmin edilməsi, yeni biznes proseslərinin və müştəriyə yönəlmiş strategiyanın tətbiq edilməsi, şəffaflığın, xidmət keyfiyyətinin və çeşidlərin artırılması məqsədilə bir sıra layihələr həyata keçirməkdədir. Son dövrlər telekommunikasiya xidmətlərinə olan tələbatın təmin edilməsi əsas hədəf olduğundan “Aztelekom” MMC də göstərdiyi xidmətləri daha da genişləndirir.

Məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli telekommunikasiya xidməti olan ayrılmış xətt xidməti müştərilərə təklif edilir. Bu xidmət vasitəsilə bir və ya bir neçə şəbəkə avadanlıqlarının və ya istifadəçilərin internetə qoşulması ayrılmış kabel və ya simsiz kanal vasitəsi ilə həyata keçirilir. "Aztelekom"un ayrılmış xətt xidməti fiziki və hüquqi şəxslərə təklif olunur. Xidmətin üstünlükləri 100 mbt/s-ə qədər yüksək sürət, simmetrik download və upload, 24/7 rejimində kəsintisiz ötürülmə, fərdi operator xidmətidir.

Son nəsil texnologiyalardan olan GPON texnologiyası üzərindən göstərilən genişzolaqlı xidmətlər ​"Aztelekom" müştərilərinə GPON (Gigabit Passive Optical Network ) texnologiyası üzərindən genişzolaqlı internet xidmətlərini (üçü birində, ikisi birində) təklif edir. GPON texnologiyası abunəçilərə telefon, internet və ViTV xidmətindən birlikdə  istifadə etmək imkanı yaradır. 

Regionlarda telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi məqsədilə pilot layihə kimi Xaçmaz rayonunda uğurla reallaşdırılan  LTE texnologiyası üzərindən göstərilən genişzolaqlı xidmətlər artıq Abşeron və Sumqayıtda əhaliyə təqdim edilir. LTE (Long Term Evolution)  texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir. LTE texnologiyası üzərindən  internet, telefon və İPTV xidməti birlikdə  fiziki və hüquqi şəxslərə təklif olunur.

Bundan başqa "Aztelekom" müştərilərinə xDSL (Digital Subscriber Line), fiber optik kabel və ya LTE texnologiyası vasitəsilə yeni interaktiv televiziya xidmətini təqdim edir. Abunəçilər VİTV xidmətinə qoşularaq dünyanın istənilən ölkəsində150 yerli və xarici televiziya kanalını izləmə, görüntünü istənilən vaxtda dayandırma və geriyə çəkmə, üç günlük arxivdən izləmə imkanından yararlana bilərlər. Bunun üçün sadəcə internet xidmətinin olması kifayətdir. Analoq TV ilə müqayisədə IPTV-də təsvirin və səsin daha yüksək keyfiyyətli olması kimi üstünlükləri var.

İnformasiya mühitində internet istifadəçilərinin  təhlükəsizliyini təmin etmək üçün vətəndaşlara “SAF” – Təhlükəsiz İnternet xidməti təklif olunur. Bu xidmət vasitəsi ilə istifadəçilər azyaşlı uşaqların psixologiyasına neqativ təsir edəcək cinayətkarlıq, əxlaqsızlıq və aqressivlik kimi məlumatları əks etdirən internet səhifələrinə girişə nəzarət edə bilirlər. Həmçinin web səhifələrə daxil olmalarına qadağa qoyur, arzuolunmaz saytları özləri seçib bağlaya bilirlər. Abunəçi “ağ” və ya “qara” siyahını özü tərtib edir, istənilən internet səhifəsinə girişi nəzarətdə saxlaya bilir. 

 

 

Axtarış

×