Aztelekom
Yüklənir
AZ

“Aztelekom” regionlarda 4G texnologiyasının tətbiqinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb.

Pilot layihə olaraq, Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Bu, abunəçilərin internetlə yanaşı, digər multimediya xidmətlərindən istifadəsinə də imkan yaradır.

Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilər 100 Mbit/san sürətlə internet xidmətindən istifadə edə biləcək. Gələcəkdə çətin relyef və coğrafi mövqedə yerləşən ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi istiqamətində işlər davam etdiriləcək.

“Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev bildirib ki, regionlarda yeni texnologiyaların tətbiqi ilə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində ötən ilin sonunda başlanan pilot layihə müsbət nəticələrlə sona çatdırılıb. “Hazırda Xaçmaz rayonunun iki kəndində simsiz şəbəkə istifadəyə verilib. Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilərimizə 100 Mbit/san sürətlə internet vermək mümkündür. Bu da imkan yaradacaq ki, müştəri internet xidməti ilə yanaşı, digər İP xidmətlərindən də rahat istifadə edə bilsin. Gələcəkdə telefonlaşması çətin olan digər bölgələrimizdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək.

Ötən ildən həyata keçirilən layihələr nəticəsində bir sıra regionlarda köhnəlmiş avadanlıqlar yeni avadanlıqlarla əvəzlənib. Bununla yanaşı, telefonlaşmayan ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün 4-cü nəsil texnologiyaların (4G) tətbiqi nəzərdə tutulur.

05.04.2018

Axtarış

×