Aztelekom
Yüklənir
AZ

“Aztelekom”da uğurla təcrübə keçən tələbələrə iş təklif olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin tələbələr üçün keçirdiyi “Yay təcrübəsi 2018” proqramı uğurla başa çatıb.  

“Xəzər”, Bakı Mühəndislik, Azərbaycan Dövlət İqtisad universitetlərinin və Azərbaycan Diplomatik Akademiyasının III və IV kurs tələbələrinin iştirakı ilə keçirilən təcrübə proqramı üç aylıq müddəti əhatə edib.

“Aztelekom”un Genişzolaqlı Xidmətlər, İnformasiya Texnologiyaları, Texniki, Maliyyə və İnsan Resursları departamentlərində təcrübə keçən tələbələr iş prosesində birbaşa iştirak edərək müasir texniki avadanlıqla tanış olmaq imkanı əldə ediblər.

Proqramın yekununa həsr olunmuş tədbirdə hər bir iştirakçıya “Aztelekom” MMC-nin sertifikatı və hədiyyələri təqdim olunub.

Tələbələrlə görüşdə “Aztelekom” MMC-nin İnsan resursları departamentinin direktoru Səidə Hüseynova bildirib ki, bu kimi layihələr gələcəkdə uğurlu əməkdaşlıq üçün istedadlı kadrların müəyyən olunmasına imkan yaradır.

Bundan əlavə, gənclərə uğurlu işgüzar həyatla bağlı faydalı məsləhətlər də verilib.

Ölkədə  telekommunikasiya sahəsində ən iri müəssisələrdən olan “Aztelekom” MMC tələbələrə və istedadlı gənclərə karyeranın qurulmasında mütəmadi olaraq dəstək olmaq üçün sözügedən layihəni gələcəkdə də davam etdirəcək.

Qeyd edək ki, təcrübədə iştirak edərək yüksək nəticə göstərən tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və potensial kadrlar statusunda saxlanılacaq.

“Yay təcrübəsi 2018” proqramını uğurla başa vuran bir neçə tələbəyə mövcud vakansiyalar üzrə iş təklifləri edilib. 

10.09.2018

Axtarış

×