Aztelekom
Yüklənir
AZ

“Heydər Əliyev İli” çərçivəsində “Zəfər yolu” turu təşkil edilib

“Bakı Telefon Rabitəsi” MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində 1 noyabr tarixində “Baktelecom”, “Aztelekom” və “AzEuroTel”də işləyən I Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları, şəhid olmuş əməkdaşların ailə üzvləri, həmçinin ailə üzvü şəhid olmuş bir qrup əməkdaşlar üçün “Zəfər yolu” turu təşkil edilib.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər çərçivəsində həmin şəxslər üçün Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı yaradılıb. Təxminən 30 nəfərin cəlb olunduğu tədbirdə iştirakçılara simvolik hədiyyələr təqdim edilib.

Komitənin sədr müavini Şəhla Mehbalıyeva səfərlə bağlı təəssüratlarını bölüşərək bildirib ki, komitə şəhid ailələrinə, müharibə iştirakçılarına, habelə onların ailə üzvlərinə daim xüsusi diqqət və qayğı ilə yanaşır.

“Müharibə iştirakçılarının və şəhid ailələrinin Şuşanı ziyarət etmələri xüsusi dərin məna kəsb edir. Burada əsas məqsəd vətənin müdafiəsi və işğaldan azad edilməsi yolunda cəsarətlə mübarizə aparan və bu yolda canlarını fəda etmiş qəhrəmanlarımızı ehtiramla yad etməkdir. Səfər həm də şəhid ailələrinə yaxınlarının vətən uğrunda mübarizə apardıqları yerləri ziyarət etmək imkanı yaradır. Müharibənin dağıntıları zamanı yaxınlarını itirməyin ağrısını çəkənlər əzizlərinin şəhadətə qovuşduğu yerləri ziyarət etməklə az da olsa təskinlik tapırlar. Bir vaxtlar müharibə nəticəsində dağılmış yerlərin indi abadlaşdığını görmək və bu yerləri ziyarət etmək ümid çırağı rolunu oynayır, şəhid valideynlərinə və vətən uğrunda vuruşaraq müharibənin dəhşətini yaşayan insanlara mübarizələrində tək olmadıqlarını xatırladır. Fədakarlıqlarına görə şəhidlərimizin ruhu qarşısında baş əyir, müharibə iştirakçılarına isə əzmkarlıqlarına görə minnətdarlığımızı bildiririk”, – deyə Ş.Mehbalıyeva vurğulayıb.

Qeyd edək ki, “Zəfər yolu” turu silsilə xarakter daşıyır. İşğaldan azad edilmiş ərazilərə il ərzində bir neçə belə turun təşkili planlaşdırılır.

Səfərin təşkil edilməsində məqsəd şəhidlərin xatirəsini yad etmək, onların ailələrinə dəstək olmaq, milli birlik, vətənpərvərlik və qürur hissini gücləndirməkdir.

 

 

Axtarış

×