Aztelekom
Yüklənir
AZ

“Aztelekom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

“Aztelekom” MMC-nin müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində artım qeydə alınıb.

Aparılan sorğuların nəticələrinə əsasən, 2024-cü ilin ilk rübündə “Aztelekom”un regionlarda Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) 2023-cü ilin son rübü ilə müqayisədə 21 bal artıb. Qeyd edək ki, burada əsas təşviq faktoru internetin sürəti və sabitliyidir. Sorğuda vətəndaşların markaya – xidmətin keyfiyyətinə, qiymətlərə münasibəti öyrənilib və “Aztelekom” müvafiq göstəricilərin inkişafı ilə diqqət çəkib.

Həmçinin müştəri sorğularının işlənməsi və cavablandırılmasının təkmilləşdirilməsi, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə yüksəksürətli, genişzolaqlı internet xidmətlərinin göstərilməsi, internet sürətinin daha yaxşı təmin edilməsi üçün şəbəkənin təkmilləşdirilməsi və il ərzində digər planlaşdırılmış strateji təşəbbüslər müştəri məmnuniyyətini təmin edən faktorlardır.

Məlumat üçün bildirək ki, NPS müştəri məmnuniyyətini ölçən və biznesin böyüməsini proqnozlaşdıran sistemdir və dünya miqyasında ən böyük şirkətlər ondan istifadə edirlər.

Müştərilərin rahatlığı və məmnunluğunu təmin etmək üçün müraciətlərin Avtomat Telefon Stansiyası (ATS) və filiallardan Çağrı Mərkəzi ilə yanaşı, müxtəlif onlayn platformalara yönləndirilməsi geniş şəkildə təşviq edilir.

Görülən işlərin nəticəsi olaraq, cari ilin ilk rübündə “Aztelekom”un saytı, müvafiq sosial şəbəkə hesabları və aztelekom@aztelekom.az elektron poçt ünvanı vasitəsilə daxil olan 24 mindən çox sorğu emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83% çoxdur. Həmçinin qurumun 24/7 rejimində fəaliyyət göstərən “170” Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin ilk rübü ərzində 240 minə yaxın zəng emal edilib. Bu da ötən ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 35% çoxdur.

Qeyd edək ki, ölkə ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması işləri planlı şəkildə davam etdirilir. Layihənin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2,29 milyona çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 78%-ni təşkil edir.

Əlavə olaraq bildirək ki, şirkət iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-yə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-yə qədər artırıb.

Axtarış

×