
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC infrastrukturun yenilənməsi və abunəçilərinə daha sürətli, sabit və etibarlı xidmət göstərilməsi məqsədilə növbəti texnoloji yeniliyi həyata keçirir.
Belə ki, 1 dekabr 2025-ci ildən etibarən şirkət LTE (simsiz rabitə) xidmətini dayandıraraq GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasına tam keçid edəcək.
Bu qərar şirkətin ölkə üzrə fiber-optik şəbəkənin genişləndirilməsi istiqamətində həyata keçirdiyi strategiyanın növbəti mərhələsini əks etdirir. Aşağısürətli həllərin fiber-optik texnologiyalarla əvəzlənməsi istifadəçilərə daha yüksək internet sürəti, fasiləsiz bağlantı və artmaqda olan rəqəmsal tələblərə cavab verən müasir texnoloji imkanlar təqdim edir.
Yeni texnologiyaya miqrasiyanın rahat və fasiləsiz şəkildə həyata keçirilməsi üçün mövcud LTE istifadəçiləri üçün fiber-optik internetə keçid prosesi sadələşdirilib. Bununla yanaşı, bu mərhələdə abunəçilərə “Aztelekom”un mütəxəssisləri tərəfindən fərdi dəstəyin göstərilməsi də nəzərdə tutulur.
Əlavə məlumat və dəstək üçün abunəçilər 24/7 fəaliyyət göstərən “170” Çağrı mərkəzinə və ya yaxınlıqdakı yerli filiallara müraciət edə bilərlər.
Texnoloji inkişaf və şəbəkə infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl addımlar atan “Aztelekom” xidmət keyfiyyətini daha da artıraraq Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edəcək. 