
Elm və Təhsil
Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən
təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir.
Layihənin
məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin
formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən
qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
Layihə çərçivəsində
növbəti təlim Qusar rayonu Hil kənd tam orta məktəbində keçirilib. Korporativ
sosial məsuliyyət layihələri çərçivəsində keçirilən tədbirdə “Aztelekom”un mütəxəssisləri
tərəfindən şagird və müəllim heyətinə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə
davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli
internet istifadəsi mövzularında məlumatlar təqdim olunub.
İki gün
davam edən sessiyalar interaktiv formada təşkil olunaraq real vəziyyətlər üzərində
praktiki müzakirələrlə müşayiət edilib. Təlimlərə, həmçinin Qusar rayonunun
qonşu kənd məktəblərinin – Yasab və Piral kəndlərinin müəllim və şagirdləri də
qatılıblar.
Layihə çərçivəsində
növbəti təlimlərin ölkənin digər bölgələrində də keçirilməsi planlaşdırılır.