
AZCON Holding
şirkətlərindən olan “Aztelekom” MMC məzmun çatdırılma üzrə qlobal lider şirkətlərindən
olan “GCORE” ilə tərəfdaşlıq əldə edərək Azərbaycan üzrə əsas tərəfdaş statusunu
qazanıb.
Bu əməkdaşlıq
həm texnoloji, həm də strateji baxımdan Azərbaycanın Regional İnternet Haba çevrilməsi
istiqamətində mühüm addım hesab olunur və ölkənin beynəlxalq internet infrastrukturundakı
mövqeyini daha da möhkəmləndirir.
Məzmun
Çatdırılma Şəbəkəsi (CDN) texnologiyası internetdə video, oyun, proqram yeniləmələri
və digər məzmunların istifadəçiyə daha sürətli, sabit və etibarlı şəkildə
çatdırılmasını təmin edən müasir sistemdir. Sözügedən texnologiya sayəsində məlumat
coğrafi cəhətdən istifadəçiyə daha yaxın serverlər vasitəsilə təqdim olunur, bu
da xidmət keyfiyyətini və istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yüksəldir.
Tərəfdaşlıq çərçivəsində
CDN infrastrukturunun qurulmasının ilk mərhələsi uğurla yekunlaşıb və nəticələr
artıq özünü göstərməkdədir. Yeni sistem sayəsində trafikin idarə olunması daha
çevik, infrastruktur daha optimallaşdırılmış hala gətirilib. Bu həm texniki səmərəliliyi
artırıb, həm də xərclərin azaldılmasına mühüm töhfə verib.
Hazırda
“Aztelekom”un CDN sistemi qlobal miqyasda fəaliyyət göstərən sosial şəbəkələrin
və oyun şirkətlərinin məzmununu regiondakı istifadəçilərə daha sürətli və
etibarlı şəkildə çatdırır. Yeni başlayan tərəfdaşlıq nəticəsində dünyanın
aparıcı media və texnologiya şirkətləri ilə yanaşı, “Wargaming”, “Funcom”, “Sandbox
İnteractive”, “Nitrado”, “Photon”, “Fawkes Games”, “Saber Interactive” kimi
şirkətlər də bu sıraya daxil edilib.
Qeyd edək ki,
son 5 ildə “Meta”, “Google”, “Akamai”, “Tencent”, “Cloudflare” və digər qlobal “bulud”
infrastruktur liderləri (hyperscalers) olan şirkətlərlə qurulan geniş əməkdaşlıqlar
sayəsində “Aztelekom” ölkədə ən iri tərəfdaşlıq
portfelinə sahib qurumlardan birinə çevrilib.