
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən
xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl
tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə olunmasında mühüm
nəticələr verib. Belə ki, qurumun rəsmi internet saytı və sosial şəbəkə
hesabları vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə
əhəmiyyətli dərəcədə azalıb.
Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cü
illərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində
infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və qabaqlayıcı
tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.
Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çox sorğu
emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalma deməkdir. Bakı şəhəri
üzrə isə bu göstərici 43 minədək təşkil edib və müraciətlərin sayında 39 faiz
azalma qeydə alınıb.
Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə
daxil olan zənglərin sayında da müsbət dəyişiklik müşahidə olunub. Regionlar
üzrə 711 mindən çox zəng qəbul edilib ki, bu göstərici əvvəlki illə müqayisədə
31 faiz azalıb. Bakı şəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və
zənglərin sayında 15 faiz azalma qeydə alınıb.
“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı
xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirir.