
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC beynəlxalq
internet trafikinin magistral fiber-optik şəbəkə üzərindən daşınması üçün
infrastruktur bazasını gücləndirir.
Belə ki, cari aydan etibarən şirkət mövcud yüksəktutumlu
fiber-optik ötürmə texnologiyasına əsaslanan şəbəkəsinin (DWDM) genişləndirilməsinə
və müvafiq proqram təminatlarının yenilənməsinə başlayır.
“Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata
keçiriləcək layihənin ilk mərhələsində avadanlığın müvafiq məntəqələrdə quraşdırılması
və mövcud şəbəkə ilə inteqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə beynəlxalq
trafikin yeni avadanlıqlar üzərindən daşınmasına keçid təmin ediləcək. Ümumilikdə
layihənin cari ilin 3-cü rübü ərzində yekunlaşması planlaşdırılır.
“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən
Həsən Ömərov layihənin təqdimatı zamanı bildirib ki, bu təşəbbüsün icrası nəticəsində
Azərbaycanın Şimal – Cənub və Qərb rəqəmsal tranzit dəhlizlərinin əsas
komponenti kimi mövqeyi daha da möhkəmlənəcək və bu, ölkəmizin beynəlxalq rəqəmsal
mühitdə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.