
AZCON Holding şirkətlərindən olan
“Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlılığı və süni
intellekt yönümlü şəbəkə həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələrə
görə beynəlxalq “Ultra-Broadband Resilient Network for AI Development”
mükafatına layiq görülüb.
Mükafat İspaniyanın Barselona şəhərində
keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile
World Congress” (MWC) çərçivəsində baş tutan “Green All-Optical Network Forum
2026” zamanı təqdim olunub. Təltif rəqəmsal transformasiya və telekommunikasiya
sahəsində beynəlxalq analitik və konsaltinq qurumu olan “IDATE” tərəfindən həyata
keçirilib.
“Ultra-Broadband Resilient Network
for AI Development” mükafatı genişzolaqlı və tam optik şəbəkə arxitekturasının
qurulması, yüksəkötürücülü bağlantı imkanlarının yaradılması, hesablama gücündən
səmərəli istifadə və şəbəkə dayanıqlılığının təmin edilməsi sahəsində qabaqcıl
təcrübələri qiymətləndirir.
Təqdim olunan mükafat “Aztelekom”un
yalnız sürət və əhatə dairəsi baxımından deyil, həm də şəbəkənin etibarlılığı,
elastikliyi və gələcək texnoloji tələblərə hazırlıq səviyyəsi üzrə beynəlxalq
standartlara uyğun inkişaf etdiyini təsdiqləyir. Bu yanaşma ölkədə rəqəmsal
xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, biznes və dövlət qurumları üçün
dayanıqlı bağlantı imkanlarının genişləndirilməsinə, eləcə də süni intellekt əsaslı
həllərin tətbiqi üçün zəruri texnoloji bazanın formalaşmasına xidmət edir.
“Aztelekom” bundan sonra da ölkənin rəqəmsal
infrastrukturunun gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və
genişzolaqlı internet xidmətlərinin daha dayanıqlı və əlçatan şəkildə təqdim
olunması istiqamətində fəaliyyətini davam etdirəcək.