
AZCON Holding şirkətlərindən olan “Aztelekom”
MMC Barselona şəhərində keçirilən və
dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress”
(MWC) çərçivəsində baş tutan “Digital
Economy Development Forum 2026” beynəlxalq tədbirində təmsil olunub.
Forum rəqəmsal iqtisadiyyatın inkişafı, süni
intellekt, yüksəksürətli internet infrastrukturu və dövlət-özəl sektor tərəfdaşlığı
mövzularına həsr edilib. Müxtəlif ölkələrdən hökumət nümayəndələri, sənaye
liderləri və texnologiya şirkətlərinin təmsilçiləri qlobal rəqəmsal
transformasiyanın prioritet istiqamətlərini müzakirə ediblər.
Tədbirdə “Aztelekom”u təmsil edən Kommersiya
departamentinin direktoru Fərid Salamov dövlət-özəl
tərəfdaşlığı əsasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin nəticələri
barədə çıxış edib.
Bildirilib ki, 2021-ci ildə ölkədə
fiber-optik genişzolaqlı internetlə əhatə səviyyəsi cəmi 9% idi və orta
internet sürəti 12 Mbit/s təşkil edirdi. “Onlayn Azərbaycan” layihəsi nəticəsində ölkə üzrə fiber-optik şəbəkənin əhatə
dairəsinin, demək olar ki, 100%-ə çatdığı, 3 milyona yaxın ev təsərrüfatının
genişzolaqlı internetə çıxış imkanının təmin olunduğu və orta internet sürətinin
90 Mbit/s-yə yüksəldiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, layihənin əsas
operatorlarından biri olan “Aztelekom” artıq müştərilərinə 150 Mbit/s-dən
yuxarı sürət paketləri təqdim edir.
Vurğulanıb ki, layihənin nəticələri Azərbaycanın qlobal rəqəmsal reytinqlərində də öz əksini tapıb. Belə ki, ölkənin “Ookla”nın qlobal reytinqində 40 pillə irəliləyərək 81-ci yerə yüksəldiyi, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində isə 9 pillə irəlilədiyi bildirilib.
Qeyd edək ki, “Aztelekom” “Azərbaycan Respublikasında
rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər
üçün Strategiya”nın icrasına dəstək verməklə qlobal platformalarda fəal
iştirakını davam etdirir.