
AZCON Holding
şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun
dayanıqlığını artırmaq və alternativ enerji həllərini genişləndirmək istiqamətində
yeni mərhələyə başlayıb. Şirkət ilk dəfə olaraq Kürdəmir rayonunun Qarasaqqal və
Mollakənd kəndlərində yerləşən GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) OLT
(Optik Xətt Terminalı) stansiyalarında günəş enerjisi sistemlərini quraşdıraraq
alternativ enerji qida mənbəyi formalaşdırıb.
Layihə çərçivəsində
hər iki stansiyada 5 kVt gücündə günəş enerji sistemi quraşdırılıb. Qarasaqqal
kəndində mövcud OLT stansiyası iki qrup 12V/100A AGM batareya ilə inteqrasiya
olunmuş günəş panelləri vasitəsilə alternativ enerji ilə təmin olunub. Mollakənd
kəndində isə dörd 48V/50A litium batareya ilə təchiz edilmiş 5 kVt-lıq günəş
sistemi istismara verilib. Layihələr üzrə planlama, tikinti və istismara təhvil
prosesi tamamlanıb.
Tətbiq olunan
həllər nəticəsində enerji təchizatında sabitlik gücləndirilib, kənar enerji kəsintilərinin
xidmətə təsir riski azaldılıb və GPON şəbəkəsinin fasiləsiz fəaliyyəti əlavə təminat
altına alınıb. Alternativ enerji sistemlərinin qurulması əməliyyat xərclərinin
optimallaşdırılmasına və karbon emissiyalarının azalmasına da imkan yaradıb.
Qeyd edək ki,
“Aztelekom” 2026-cı il ərzində bərpa olunan enerji mənbələrinin tətbiqini digər
ərazilərdə mərhələli şəkildə genişləndirməyi planlaşdırır.