
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na əsasən, AZCON Holding şirkətlərindən olan
“Aztelekom” MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata
keçirilir.
Fəaliyyətin
davamı olaraq Xocavənd rayonunun 4,496 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Qırmızı
Bazar, Hadrut qəsəbələri, Sos, Xocavənd, Quzeyxırman, Güneyxırman, Xanoba və
Tağverdi kəndlərində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə
müasir tələblərə cavab verən texnoloji avadanlıqlar quraşdırılaraq istifadəyə
verilib.
Nəticə etibarilə Xocavənd rayonu ərazisində internet də daxil olmaqla
telekommunikasiya xidmətləri ümumi olaraq 344 ev təsərrüfatı və 14 biznes
subyektini əhatə edib.
Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində
planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa
çatdırılıb. Ümumi uzunluğu 1,000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə
bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas
baza rolunu oynayır.
Qeyd edək ki, azad edilmiş ərazilərdə ümumilikdə 9 şəhər, 29 kənd və qəsəbədə
rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 8,905 yeni abunəçi (8,422 ev təsərrüfatı və 483 biznes
subyekti) şəbəkəyə qoşulub.
Beləliklə, GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi
ilə abunəçilərə (ev təsərrüfatı və biznes subyektləri) yüksəksürətli internetlə
yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və
“internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng
edə, ərazi üzrə xidmət göstərən Xocavənd şöbəsinə, (Ünvan: Xocavənd şəhəri,
Azadlıq küç.), həmçinin qurumun rəsmi saytı vasitəsilə
müraciət edə bilərlər.