
AZCON Holding şirkətlərindən olan
“Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
(MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları”
korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.
Məqsəd müəllim və şagirdlər arasında
internetdən düzgün və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal
savadlılığın artırılması və onlayn risklərdən qorunma sahəsində məlumatlılığın
gücləndirilməsidir.
Layihə çərçivəsində növbəti təlim Balakən
rayonu Qazma 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən
iştirakçılara fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə
davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet
istifadəsi mövzularında məlumat verilib.
Sessiyalar interaktiv formada təşkil
olunaraq real vəziyyətlərə əsaslanan müzakirələr və praktiki yanaşmalar üzərində
qurulub. Təlimlərə, həmçinin Katex, Qazma, Hənifə və Mahamalar kənd tam orta məktəblərinin,
Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin, İmaməddin Nəsimi
adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin, eləcə də Üzeyir Hacıbəyov adına
Qabaqçöl qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimləri qoşulublar.
Növbəti mərhələlərdə layihənin ölkənin
digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, layihə bu günədək Lənkəran,
Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə
edib. Eyni zamanda Şəki – Zaqatala, Lənkəran – Astara, Quba – Xaçmaz və Gəncə –
Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan məktəblərin müəllimləri
üçün onlayn təlimlər təşkil olunub.