
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Bakıda keçirilən WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində AZCON Holding-in stendində təşkil olunan infosessiyada Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini təqdim edib.
“Aztelekom”
MMC-nin Müştəri dəyərinin idarə edilməsi və biznes analitikası şöbəsinin müdiri
Orxan Əlipaşayev “İnklüziv şəhər inkişafı üçün rəqəmsal təməlin qurulması”
mövzusunda çıxış edərək ölkədə genişmiqyaslı Qiqabit tutumlu passiv optik şəbəkə
(GPON) əsaslı fiber-optik infrastrukturun qurulması, regionlarda rəqəmsal
inklüzivliyin genişləndirilməsi və universal bağlantının sosial-iqtisadi
inkişafa təsiri barədə ətraflı məlumat verib.
Təqdimatda
qeyd olunub ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində son illərdə ölkədə
fiber-optik internetin əhatə dairəsi təxminən 13 dəfə artaraq 100%-dək yüksəlib.
Bundan əlavə, layihə çərçivəsində 2025-ci ilədək ölkə üzrə təxminən 3 milyon ev
təsərrüfatı və biznes subyekti fiber-optik şəbəkə ilə əhatə olunub.
Bununla
yanaşı, “Aztelekom” MMC-nin nümayəndəsi qeyd edib ki, görülən işlərin nəticəsində
ölkədə genişzolaqlı internetdən istifadə səviyyəsi 44%-dən təxminən 95%-ə yüksəlib,
internet sürətlərində isə beş dəfədən
artıq artım müşahidə edilib. Çıxış zamanı bu transformasiyanın şəhərlə
regionlar arasında rəqəmsal fərqin azaldılması, elektron dövlət xidmətlərinə
çıxışın genişləndirilməsi, məsafədən iş imkanlarının artması və rəqəmsal
sahibkarlığın inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
Təqdimatda, həmçinin
fiber-optik infrastrukturun “ağıllı” şəhər həlləri, 5G texnologiyaları, “bulud”
xidmətləri, “İoT” sistemləri və dayanıqlı rəqəmsal şəhər modelləri üçün əsas
baza rolunu oynadığı bildirilib.
Qeyd edək ki,
Bakıda keçirilən WUF13 BMT-nin İnsan Məskunlaşmaları Proqramı tərəfindən təşkil
olunan və urbanizasiya, dayanıqlı şəhər inkişafı və gələcəyin şəhər modelləri
üzrə dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab edilir.
“Aztelekom”un
forum çərçivəsində etdiyi təqdimat Azərbaycanın rəqəmsal infrastruktur sahəsində
əldə etdiyi nəticələrin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətli
olub.