
AZCON Holding şirkətlərindən olan
“Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
(MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları”
korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.
Məqsəd müəllim və şagirdlər arasında
internetdən düzgün və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal
savadlılığın artırılması və onlayn risklərdən qorunma sahəsində məlumatlılığın
gücləndirilməsidir.
Layihə çərçivəsində növbəti təlim Göygöl
rayonu Bəhman Alzamanov adına Quşqara kənd tam orta məktəbində keçirilib. Təlimlərə
Araz Möyləmov adına Xaqani kənd tam orta ümumtəhsil məktəbinin müəllim və
şagirdləri qoşulublar.
Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən
iştirakçılara fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə
davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet
istifadəsi mövzularında məlumat verilib.
Sessiyalar interaktiv formada təşkil
olunaraq real vəziyyətlərə əsaslanan müzakirələr və praktiki yanaşmalar üzərində
qurulub.
Qeyd edək ki, layihə bu günədək Lənkəran,
Qusar, Şəki və Balakən rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə
edib. Eyni zamanda Şəki – Zaqatala, Lənkəran – Astara, Quba – Xaçmaz və Gəncə –
Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan məktəblərin müəllimləri
üçün onlayn təlimlər təşkil olunub. Növbəti mərhələlərdə layihənin ölkənin digər
regionlarını da əhatə etməsi planlaşdırılır.