Aztelekom
Yüklənir
AZ

Şabran rayonunda təsərrüfatların 70%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC Şabran rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, Şabran şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 5989 təsərrüfatdan 2334 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

Rayonun Dəvəçikənd, Surra, Taxtalar, Sincanboyad, Dəvəçi, Mollakamallı, Ağalıq, Daşlıyataq, Söhbətli, Ağbaş kəndlərində 4557 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.

Ümumilikdə rayonda mövcud təsərrüfatların 70%-nin genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 3459 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (40 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 48 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85%-ni təşkil edir.

Axtarış

×